21 Nisan 2020

İki şikəst uşaq atası Sahil Babayevə şikayət etdi




Cəlilabad rayon Muğan kənd sakini Duniyev Arif İxtiyar oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə şikayət edib.

A.Duniyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad Özünəməşğulluq İdarəsində saxtakarlıq edirək onu proqramdan uzaqlaşdırırlar:

"İki ilə yaxındır ki, DSMF-nin Cəlilabad Özünəməşğulluq İdarəsinə mənə aktivlərin verilməsi üçün müraciət etmişəm. Siyahıda qeyd olunsam da, çox maraqlıdır ki, məndən sonra siyahıda yer alan şəxslər aktivlərlə təmin olunub, amma mənə hər dəfə növbə gözləməyimi söyləyirlər. Mən isə yüz faiz əminəm ki, adıçəkilən idarədə saxtakarlıq edirlər. Necə olur məndən sonra növbəyə yazılan adamlar özünəməşğulluq proqramı çərçivəsində heyvanla təmin olunub, amma mən növbə gözləməliyəm. Həmin siyahıda yer alan şəxslər isə mənim öz kəndlilərimdir”.

A.Duniyev deyir ki, o, iki şikəst uşaq atasıdır və evdə heç kim işləmir:

"Oğlum Sadiq və qızım Nəcibə dördüncü dərəcəli ağır binevrit xəstəsidir, yəni eşitmə, nitq qüsurludurlar. Hər ikisi Şüvəlanda Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi 2 nömrəli internat evində təhsil alır. Onları ötən il ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva "Buta Place”da şəxsən qəbul edib və qulaq aparatı ilə təmin etdirib. Anam isə ürək qüsurlu yataq xəstəsidir. Həyat yoldaşım isə evdar qadındır. Xahiş edirəm dövlətin səlahiyyətli şəxsləri mənim problemimi araşdırsınlar”.

Şikayətçinin sözlərinə görə bir neçə il öncə o sosial yardımla təmin olunan zaman da ona qarşı haqsızlıq edilib və nazirliyə müraciət etdikdən sonra problemi həll olunub:

"Bir neçə il öncə sosial yardım almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad nümayəndəliyinə müraciət etmişdim və onda da məni iki uşağımla əsir-yesir etdilər. Lakin iki şikəst uşağımla Bakıya üz tutub Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə şikayət etdikdən sonra problemim dərhal həll olundu. Ondan sonra dörd il sosial yardım aldım. İndi isə özünəməşğulluq proqramına qoşulmaq istəyirəm ki, öz təsərrüfatımı yaradım. Bunlar artıq vətəndaşların onlardan mütəmadi şikayət etməsinə öyrəncəlidirlər”. 

A.Duniyev deyir ki, əgər onun problemiylə maraqlanan olmasa, iki şikəst uşağıyla paytaxtda nazirliyin önündə ictimaiyyətə müraciət edəcək:

"Mən sizin vasitənizlə hörmətli nazir Sahil Babayevə müraciət edərək bildirmək istəyirəm ki, mənim problemimi araşdırmaq üçün müvafiq göstəriş və tapşırıqlar versin. DSMF-nin Cəlilabad nümayəndəliyində həm sosial yardım alanların, həm də özünəməşğulluq proqramına qoşulanların kimliyi araşdırılsın. Bir sözlə, Cəlilabad Özünəməşğulluq İdarəsində "xaltura” edirlər. Xahiş edirəm cənab nazir bunun araşdırılması üçün ciddi tapşırıq versin. Hələ ki, karantin rejimini gözləyirəm və əgər problemim həll olunmazsa, iki övladımla Bakıya üz tutacam və nazirliyin önündə ictimaiyyətə müraciət edəcəm”.

Hiç yorum yok:

Yorum Gönder