Azərbaycan
Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov Cənablarına
Müraciət
Hörmətli Cənab
Nazir ,
Mən Ələkbərov
Zaur Zakir oğlu
Xocalı şəhərində anadan olmuşam. Məlum
faciə zamanı yaxın
qohumlarımızdan xeyli sayda (73 nəfər) şəhid vermişik , anam yaralanıb, əsir
düşənlərimiz olub və çoxundan hələ də bu
günkü günə qədər xəbər yoxdur.Həmin
vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı. Döyüşlərin birində yaralansa da bir müddət
sonra yenə də mərhum Prezidentimiz Ulu
Öndər Heydər Əliyevin çağırışı ilə
yenidən döyüşlərə qatılmışdır. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon Göytəpə şəhərində yerləşdiyindən biz də burada
məskunlaşdırıldıq . Göytəpə şəhər 1 №-li tam orta məktəbi bitirdikdən
sonra 1996 –cı ildə ADPU-nun
Tarix fakultəsinə daxil
olmuşam. 2000 –ci ildə ADPU-nu bitirdikdən
sonra təyinatım Cəlilabad rayonuna, özüm isə hərbi xidmətə yollanmışam . Düşmənlə
sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005 -ci ildə Cəlilabad rayon V. Mürsəlov
adına Göytəpə şəhər 1 № li tam
orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. İctimaiyyət arasında nüfuzum, əhali arasında hörmətim nəzərə
alınaraq Göytəpə şəhər ağsaqqallar şurasının təklifi ilə Göytəpə şəhər ərazi nümayəndəliyi tərəfindən mənə Göytəpə şəhərinin “ Fəxri sakini” statusu verilmişdir. 2012-2013 cü illərdə
“Mədəd Azərbaycan” MMC –nin təşkilatçılığı
ilə ümumi təhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub bölgəsi və Biləsuvar
rayonu üzrə əlaqələndirici
koordinatoru olmuşam. 2014 –cu ildə
“İlin ən yaxşı müəllimi “ müsabiqəsinin qaliblərindən biri olmuşam. Cəlilabad
rayonunda elektron lövhəsi olan yeganı məktəbdə hələlik bu lövhədən istifadə edərək
dərs deyən yeganə müəlliməm. Ailəliyəm , 3 qızım var. 2-ci qrup Qarabağ əlili olan valideynlərimlə
birlikdə yaşayıram.
Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı preziden İlham Əliyevin humanist qanunlarının köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri güclü olanda bizim kimi ailələr də bundan yararlana bilir əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməmiş dövlət müəssisələrindən birində, Xocalıdan olduğumu bilən bir məmur, faciədən necə qurtulduğumuzu ürək ağrısı ilə yarım saat sorğu –sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini istədi .
Heç kimə
sirr deyil ki, ölkədəki qurumlarda nə qədər şəffaf şarait
yaradılsada, həmin qurumun rəhbərinin
vicdanı olmasa orada heç bir nəticə əldə etmək olmur. Rüşvət həyatımıza o qədər
nüfuz edib ki, hətta işə düzələn insanı işin əmək haqqısı deyil , gəliri
maraqlandırır.
Həyat təcrübəmdə ilk dəfə şəffaf iş şəraiti ilə “Mədəd Azərbaycan” təşkilatında tanış olmuşam. Yüksək mədəniyyət və intelektual insanların
birliyi olan bu təşkilatda insana insan kimi yanaşmağı , dəyər verməyi görmüşəm.
O zaman təhsildə şəffaf olan yalnız bu
cür təşkilatların fəaliyyəti idi .
Hörmətli Cənab
Nazir ,
Cənab
prezident Sizi Təhsil Naziri təyin etdikdən sonra , təhsilimizdə müsbətə doğru xeyli dəyişiliklər
oldu. Gələcəyimizə ümüdümüz artdı. Aparılmış islahatlar nəticəsində Bakı şəhərində
birinci sinfə qəbul, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu ,
direktorların müsabiqəsi , Regional
Maliyyə İdarələrinin yaradılması və s. işləri hər kəs tərəfindən yüksək qiymətləndirilir. Vətəndaşlarımızın rahatlığı üçün hər cür şərait
yaradılır. Məhz sizin şəffaf idarəçiliyinizin
sayəsində “İlin ən yaxşı müəllimi “ müsabiqəsində qaliblərdən biri olmuşam. İlin
müəllimlərinə Cənab Prezidentin Sərəncamı
ilə verilən 5000 manat pul mükafatını gec
aldığıma görə məndən çox nazirlikdən tez-tez zəng edən xanımın narahatçılığı
insanı heyran etməyə bilmirdi . Keçən il direktorların müsabiqəsində qalib olub
müəyyən səbəbdən müsahibə mərhələsinə gəlmədiyim üçün də eyni vəziyyət yaranmışdı. Zəng edən
nazirlik işçisi səbəbini tam aydınlaşdırmamış və imtina məktubu almamış əlaqəni kəsməmişdi. Sizin gəlişiniz
regionlarda hər kəsin ümüdünü artırmışdı. İnanırdıq ki, artıq “bazarkomu”
xatırladan təhsil rəhbərlərindən canımızı qurtaracaqsınız . Doğrusu düşünürdük
ki, bu qədər müsbətə doğru iş gördüyünüz halda , əziyyətinizə qiymət verməyərək
təhsilin vəziyyətini bərbad vəziyyətə salan Elminaz Nadirova kimilər işdən
uzaqlaşdırılacaq və ya belə şəxslər rəhbərliyinizdə
vəzifə tutmağa cəsarət etməyəcəklər.
Hörmətli Cənab Nazir ,
Mətbuatdan
oxuduğuma görə Elminaz Nadirova əvvəllər
işlədiyi şəhər 7 nömrəli məktəbdə yol verdiyi qüsurlara görə
töhmət alıb və sonra RTŞ müdiri təyin olunub. Cəlilabad rayon təhsilində,
yaxından tanımasam da Hafiz Cavadov ,
Nadir Babayev , Ərəstun Hüseynov və
s. kimi savadlı kadırlar var. Onlardan kimisə bu vəzifəyə
qoymaq bir yana, Elminaz Nadirovanın
onlara rəhbər təyin edilməsini ironiya kimi qəbul etməmək olmur. Buradakı bu
cür təyinat istər istəməz bütün məktəblərə də təsir göstərir. İşlədiyim V.Mürsəlov adına 1 nömrəli tam orta
məktəbə ixtisasca geoloq olan səriştəsiz
birinin, sonra isə ixtisasını bilməyən , danışıq qabiliyyəti
olmayan digər birinin “nəyinsə”
müqabilində direktor təyin olunması bir daha sübut edir ki, burada təhsildən
başqa hər şey düşünülür. Digər bir problem bu cür insanların rəhbərliyində məktəbə
verilən invertarların miqdarı və dəyəri
qat-qat şişirdilir, məktəbdə olan “ölü canlar” çoxalmaqda davam
edir. Məktəblərdə adı olub , özü olmayan
və məvacib kartları rəhbərlikdə olan işçilər var və bunlar rəsmi statistik məlumatda
işləyən kimi gedirlər. Bu səbəbdən Cənab Prezidentimiz İlham Əliyev xalq
qarşısında çıxış edərkən işsizliyin azaldığını deyəndə , çox adamlar bunu qəbul etmirlər. Məhz Elminaz Nadirova kimi məmurlarımızın sayəsində
Cənab Prezidentimiz pis vəziyyətdə qalır , xalqın hökumətə etimadı azalır.
Cənab Nazir
,
Cəlilabad təhsilindəki
neqativ hallarla bağlı dəfələrlə nazirliyə müraciət olunduğunu və sonra həmin
müraciətlərin araşdırılması üçün, RTŞ –nin özünə göndərilməsi insanlarımızın sizə qarşı inamını və etimadını
azaldır. Halbuki, Cənab Prezidentin 14 oktyabr 2016 cı ildə sərəncamında korrupsiya haqqında qanuna dəyişiklik edilərək
“ Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz” deyilir.
Şikayətçiləri ya pulla, ya
da qorxudaraq şikayətlərindən döndərirlər. Fikrindən dönməyənlərə qarşı qərəzli
mövqe tutulur, fürsət düşdükcə əzirlər. Məktəbimizin müəllimlərindən şikayət edən
şəxslərdən iki nəfərinin işi hələ də məhkəmədədir. Dövlət nümunəli olmayan sənədlə
bağlı heç kim məhkəməyə verilmədiyi və nazirlik bu cür sənədi olanlarla bağlı
humanist qərar çıxarmasına baxmayaraq , müəllimlərimizi məhz konstitusion hüququndan istifadə etdiklərinə
görə incidirlər. Məktəbimizdə müəllimlərimizin dərs yükü normal olmadığı halda
dərsləri vakansiyaya çıxarılır. Buna görə
etiraz edənlərə isə deyilir ki, Nazir edib. Əgər belədirsə nəyə görə RTŞ
müdirinin himayədarlıq etdiyi və aylıq
aldığı digər məktəblərdə vakansiya olduğu halda gizlədilib vakant verilmir....
Hörmətli Cənab Nazir ,
Cəlilabad təhsilinin bərbad
vəziyyətə düşməsi haqqında əlimdə kifayyət qədər faktlar var. Bunları Sizinlə görüşsəm deyəcəm.
Müraciət etməkdə heç bir şəxsi
qərəzim, xeyrim yoxdur və bunları təhsilimizin düzəlməsi
üçün, şagirdlərimizin pulsuz( repititorsuz) təhsil alması,neqativlərin aradan
qaldırılması üçün edirəm. Əksinə məni direktorluq müsabiqəsində iştirak etdiyim
bir dönəmdə bu müraciətin mənim üçün zərərli ola biləcəyini düşünüb məni bu
müraciətimdən çəkindirmək istəyən insanlar belə
oldu. Lakin mən vəzifəyə görə neqativlərə göz yuma bilmərəm və
düşünürəm ki, ən yaxşı vəzifə neqativlərə
biganə qalmamaq ,dövlətinə və onun prezidentinə xidmət etməkdir. İnanıram ki, təhsilimizi bərbad vəziyyətə salan şəxslər
haqqında ölçü götürəcəksiniz.
Hörmətlə, Zaur Ələkbərov.
Hiç yorum yok:
Yorum Gönder